“Zaman” – tam obyektiv, müstəqil və ümummilli qəzetdir

Əziz oxucular!
İlk nömrəsi 1993-cü ilin iyununda işıq üzü görmüş müstəqil “Zaman” qəzeti öz fəaliyyətini yeni keyfiyyətdə davam etdirir. (Bəzi oxucular qəzetimizi Türkiyə nurçularının Bakıda buraxdıqları “Zaman-Azərbaycan” qəzeti ilə dəyişik salırlar. Bu barədə bir neçə dəfə yazmışıq və bir daha bəyən edirik ki, “Zaman” qəzetinin nəinki nurçularla, ümumiyyətlə, heç bir xarici şəxs, mətbuat orqanı və təşkilatla bağlılığı yoxdur. “Zaman” sırf milli qəzetdir və iddiası da həmişə tam obyektiv, əhalini iqtidara və müxalifətə bölməyən ümummilli qəzetə çevrilmək olmuşdur).
Hazırda Amerika və Avropa ilə yanaşı yaxın xaricdə, o cümlədən Rusiyada və Türkiyədə bir sıra aparıcı qəzetlər kağız formatından imtina edərək, İnternetdə yayımlanmağa üstünlük verirlər. Biz də zamanın tələbini nəzərə alaraq, hələ 2008-ci ildə qəzetimiz üçün xüsusi sayt (www.zamantime.tk) yaratmışdıq. Məşhur bir saytın pulsuz imkanlarından faydalanan saytımız bloq şəklində fəaliyyət göstərirdi. Həmin saytın bazasının etibarlı serverlərdə yerləşdirildiyi və saytın fəaliyyətini heç vaxt dayandırmayacağı elan olunduğuna görə biz bütün arxivlərimizi ora yükləmişdik. Ancaq, təəssüf ki, sayt fəaliyyətini gözlənilmədən dayandırdı və elektron ünvanlar vasitəsilə də əlaqə saxlamaq mümkün olmadı. Biz yalnız qəzetimizin arxivini götürmək istəyirdik, fəqət bütün cəhdlərimiz boşa çıxdı və təxminən 5-illik zəhmətimizin nəticələri yox oldu.
Hər şeyə sıfırdan başlamalı olduq və bir müddətdir ki, zamanservis.tk ünvanında fəaliyyət göstəririk. Əvvəlki acı təcrübəni nəzərə alaraq, artıq rəsmi domen də almışıq və saytımız bu ilin iyunundan əsas fəaliyyətini yalnız zamnet.ru ünvanında davam etdirəcəkdir.
Qəzetdə orijinal materiallarla yanaşı İnternetdə rast gəldiyimiz maraqlı yazıları da həm Azərbaycan, həm də rus və ingilis dillərində oxuculara təqdim edəcəyik.
“Zaman” Azərbaycanda yeganə qəzetdir ki, bu qədər uzun müddət ərzində bircə dəfə də olsa təkzib verməmiş, ən kəskin tənqidi yazılarından belə nə redaksiyaya, nə də məhkəməyə şikayət olunmuşdur. Çünki biz heç vaxt yoxlanılmamış məlumatları qəzet səhifələrinə çıxarmamış, heç kimi təhqir və şantaj etməmişik. Qəzet həmişə maksimum obyektiv olmağa çalışmış, yalan və böhtanın hətta ən cüzi təzahürləri belə hiss olunan yazıların qarşısında qətiyyətlə qırmızı işıq yandırmışdır. Elə buna görə də qəzetimiz çoxsaylı oxucuların dərin rəğbətini qazanmışdır. Onlar yazdığımız hər bir sözə, söylədiyimiz hər bir fikrə yüksək etimad göstərərək deyirlər: “Əgər “Zaman” yazıbsa, deməli, həqiqət məhz belədir”.
Əminik ki, qəzetimiz sadiq oxucularını tezliklə öz ətrafına toplayacaq və onlar sevimli qəzetlərinin saytında da əvvəllər olduğu kimi yenə də yüksək fəallıq göstərəcəklər. Biz də bacardığımızdan da bir az artıq mümkün olan hər şeyi edəcəyik ki, dəyərli oxucularımızın etimadını layiqincə doğruldaq və qəzetimizin heç bir yazısı onları heç vaxt məyus etməsin.
Qəzetimizin rəsmi zamnet.ru saytında yeni-yeni görüşlərədək, əziz dostlar!
Əgər tam obyektiv, müstəqil və ümummilli qəzet prinsiplərinə zidd olmayan maliyyə mənbələri təklif olunsa, qəzetin kağız variantını da buraxacağıq.
“Zaman” qəzeti haqqında ümumi təsəvvür almaq üçün köhnə nömrələrdən bir neçəsi ilə burada tanış ola bilərsiniz. Ümidvarıq ki, gələcəkdə qəzetin arxivini yeni nömrələrlə zənginləşdirəcəyik.

96 dəfə baxılıb

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Vacib sahələr * ilə işarələnmişdir