Özümüz müstəqilik. Bəs terminlərimiz?..

– Bilirsənmi, metroda stansiyaları ingilis dilində də elan eləyirlər. – Katura neçə gündür ki evdən çıxıb şəhərə getməyən qardaşı Kariyə baxdı.
– Hə, bu gün Əhmədliyə gedəndə eşitdim və… bərk dilxor oldum.
– Niyə ki? Turist mövsümüdür, xaricilərə də asan olar…
– Deyrlər-desinlər e… amma o boyda bəstəkarın adına olan stansiyanı gör necə elan edirlər – the next station is Kara Karayev. Balam, Qara Qarayev nə vaxtdan Kara oldu?
– Sovet dövründən. – Katura sakitcə dilləndi. – Ruslar da onu elə adlandırırdılar da.
– Bax, məni də yandıran budur. 24 ildir müstəqilik, lakin hələ də terminlərimizi dünyaya rus dili vasitəsilə çatdırırıq. Ən çox da xaricilərdən Nagorno-Karabakh sözünü eşidəndə əsəbiləşirəm.
– Bax, bunu düz deyirsən. Əvvələn, ruslar “q” hərfini çox gözəl tələffüz edirlər. Onlar, məsələn, Григорий əvəzinə Крикорий, герой əvəzinə керой demirlər ki! Bəs niyə Qara Kara olub?
– Elə ingilislərdə də təmiz “q” səsi var – green, girl, goddess və s. Bəs onda niyə sonrakı stansiya “Kara Karayev” olur?
– Burada başa düşülməyən nə var ki? Ruslar necə deyirlər, xaricilər də elə təkrar edirlər.
– Amma axı metroda bunu xarici yox, bizimki deyir. – Kari səsini qaldırdı. – Digər tərəfdən, çox terminləri heç düz də demirlər. Əslində Dağlıq Qarabağ Гористый Гарабаг kimi tərcümə olunmalıdır. Onlar isə Dağüstü Qarabağ deyirlər. Biz terminlərimizə ciddi yanaşsaq, ingilislər də ruslardan kalka etmək əvəzinə Mountainos (yaxud Mountain) Garabagh deyərlər.
– Elədir. Özümüz 24 ildir müstəqilik, amma terminlərimiz….

P.S. Bu məsələyə dilçilərimizin və tərcüməçilərimizin də münasibətini öyrənmək oxucularımız üçün maraqlı olardı. Şərh və məktublarınızı gözləyirik.

157 dəfə baxılıb

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Vacib sahələr * ilə işarələnmişdir